1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2022-ci ilin birinci rübünün nəticələri

2022-ci ilin birinci rübünün nəticələri

Tarix:
5 may 2022-ci il
Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.


2022-ci ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 133 milyon dollar əməliyyat məsrəfləri və 396 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.


Rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi bp-nin icraçısı olduğu digər fəaliyyətlərlə yanaşı plana uyğun şəkildə irəliləmişdir. 


ACE platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Üst modulların tikintisini icra edən işçi heyəti fevral ayında əməyin təhlükəsizliyi üzrə mühüm bir nailiyyəti  – qəzasız 10 milyon iş saatını qeyd etdilər.


Rüb ərzində bu tikinti sahəsində bir sıra iri avandanlıqların qaldırılması əməliyyatları tam təhlükəsiz icra olunmuşdur. Bu avadanlıqlara əsas enerji generatorunun buraxıcı qurğusu, məşəl qülləsinin özül hissəsi və qazvurma kompressoru   daxildir.  Bundan əlavə, obyekt düşmə qurğusu və üst modulların göyərtəaltı platforması bütün boru bağlantıları və avadanlığı ilə birlikdə yerinə quraşdırılmışdır.  


Qazma borularının yığılması və yerdə hidrosınağı başa çatmaq üzrədir, üst modulları borularının yığılması qrafiki qabaqlayaraq irəliləyir. Qazma modulunun yerdə istismar sınaqları davam etmiş, bəzi hissələrin isə funksiyasının sınaqları artıq bitmişdir. Qazma modulunun yığıldığı yerdən ayrılması, dayaq domkratı ilə qaldırılması  və sürüşdürmə qurğusu vasitəsilə bütövlükdə üst modulların üzərinə   hərəkəti üçün planlaşdırma işləri davam etmişdir. Bu əməliyyatın icrası ilin ikinci rübünə planlaşdırılır. Üst modulların istismar sınaqları davam etmişdir - fövqəladə vəziyyətləri idarəetmə lövhəsi cərəyana qoşulmuş, yaşayış blokunun idarəetmə otağı və batareya ötürücü otaqları istismar sınaqlarına təhvil verilmişdir. 


Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi davam etmişdir. Bu qurğu üçün son əsas qaldırma əməliyyatı olan şərq qülləsi çərçivəsi təhlükəsiz şəkildə dayaq blokunun üzərinə qaldırılmışdır. Növbəti çərçivə olan 7-ci çərçivənin bükülmədən sonra mərkəzi qutuya qaynağı başa çatmış, qüllə çərçivələrinin bükülmədən sonra dayaq blokunun üzərinə qaynaq edilməsi işləri davam etmişdir. 


İsrafil Hüseynov borudüzən gəmisi platformanın sualtı neft və qaz xətlərinin tikintisini  başa çatdırmışdır.  

 

Tofiq İsmayılov gəmisində dalğıc suyadalma sisteminin yenidən işə salınması başa çatmışdır. 


ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi ala bilməsi ilə bağlı Şərqi Azəri platformasında aparılan quraşdırma işləri də rüb ərzində davam etmişdir. 


ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal terminalında modifikasiya tikinti işlərinə başlanmışdır.  

 

Birinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 70% tamamlanmışdı. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.


Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.

 

Hasilat

 

2022-ci ilin ilk üç ayında  AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (106 000), Qərbi Azəri (112 000), Şərqi Azəri (70 000), Dərinsulu Günəşli (79 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə – gündə orta hesabla 434 000 barel və ya ümumilikdə təxminən 39 milyon barel, yəni 5 milyon ton olub.


Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.


AÇG üzrə qazma və tamamlama fəaliyyətləri


Birinci rüb ərzində AÇG-də 3 neft hasilatı quyusu tamamlanmışdır. 

 

Səmt qazı

 

2022-ci ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

Birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.


Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir. 


Rüb ərzində terminal təxminən 57 milyon barel neft və kondensat, o cümlədən 51 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 6 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.  


Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.


Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (təxminən 2 milyard 500 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir. 

 

Birinci rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 9 milyon dollar, əsaslı xərclərə isə 4 milyon dollar vəsait xərclənmişdir. 


Martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.


1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 509 milyon tondan çox (3,82 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5007 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.


Bu ikin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6,7 milyon ton (təxminən 51 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 68 tankerə yüklənmiş və yola salınmışdır.


Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%)

 

Bu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 759 milyon dollar əməliyyat xərcləri və təxminən 88 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

 

Hasilat

 

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir. 


İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 6 milyard standart kubmetr qaz və 1 milyon ton (9 milyon bareldən artıq) kondensat hasil edilmişdir. 


Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir. 

 

Şahdəniz 2 layihəsi

 

2022-ci ilin birinci rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan tikinti işləri qərb-cənub cinahından bu ilin ortalarına planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləmişdir. 


Xankəndi sualtı tikinti gəmisi qərb-cənub cinahında əsas sualtı quraşdırma işlərini təhlükəsiz şəkildə başa çatdırmışdır. Bu işlərə sualtı boru xətlərinin, hasilat üçün fontan armaturlarının, manifoldlar və idarəetmə sistemləri üçün sualtı elastik kabellərin quraşdırılması daxildir. Sualtı xətlərin bağlanması üçün dalğıc işləri bu ilin ikinci rübündə başa çatmaq qrafikinə uyğun irəliləmişdir. 


Bu layihə çərçivəsində Şahdəniz Bravo platformasının üzərində aparılan işlər də irəliləmişdir və hazırda başa çatmaq üzrədir. Layihənin hər iki hissəsində - həm platformanın üstündə, həm də sualtı hissədə ilkin istismar sınaqları və yoxlama fəaliyyətləri qrafikə uyğun irəliləyir. İlk dərinsulu cinah olan şərq-şimal cinahının keçən il işə salınmasından əldə edilmiş ən yaxşı təcrübə və bilgilər qərb-cənub cinahının istismara verilməsi üçün aparılan bütün tikinti işlərində geniş tətbiq olunur. 

 

Qazma əməliyyatları

 

Birinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb. 


İstiqlal və Maersk Explorer qazma qurğuları Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb; qərb-cənub cinahında bir quyu  və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,00%), Cənub Qaz Dəhlizi (6,67%)


İlin birinci rübündə CQBK-nin əməliyyat xərcləri təqribən 14 milyon dollar, əsaslı xərclər isə təqribən 0,3 milyon dollar olub.


CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.


Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,2 milyon kubmetr olmuşdur.

Geoloji kəşfiyyat

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində  7189m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Hazırda ilkin seysmik məlumatların emalı da daxil olmaqla qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bu təhlil  karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır.


Abşeron yarımadasının dayazsulu hissəsi layihəsi çərçivəsində üçüncü kəşfiyyat quyusunun qazılması 4 aprel 2022-ci il tarixində Qarabatdağ sahəsində başlanıb. Bu quyuda qazma işləri artıq 770 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Bundan əvvəl isə layihə çərçivəsində ikinci kəşfiyyat quyusu Bibiheybət sahəsində 4230 metr ümumi dərinliyədək qazılmış və mart ayının ortalarında təhlükəsiz şəkildə bağlanaraq tərk edilmişdi. Bu quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmamışdı.

İşçi heyətimiz

Birinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2247 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 


2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 


bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək. 

Sosial sərmayələr

 

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.


2022-ci ilin birinci rübü ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1 milyon dollardan artıq vəsait xərcləmişlər.


Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.


Bu qəbildən Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

  • bp-nin (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. SİP Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2022-ci ilin birinci rübü ərzində proqram  yerli təşkilatlarda potensialın inkişafına dəstək yönümündə fəaliyyətini davam etdirib. Bu fəaliyyətə əsasən Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən təlim mərkəzləri üçün peşə təhsili potensialının inkişafı, həmçinin “AZƏRSU” və Təlim və İnnovasiya Mərkəzi üçün bacarıqların inkişafı daxil idi. Bundan əlavə, 20 nəfər fərdi sahibkar (Vətən Müharibəsinin veteranları) “Kulane” peşə təhsil mərkəzi ilə əməkdaşlıqda həyata keçirilən peşə bacarıqlarının inkişafı proqramı çərçivəsində təlimlərə başlayıb.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) aztəminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 389 şagirdin 334-ü (86%-i) ali məktəblərə daxil olub. Layihənin nəticələrini və ümumi uğurunu nəzərə alaraq, bp və tərəfdaşları layihəni 2021-2022-ci tədris ilində də davam etdirmək qərarına gəliblər. Hazırda proqram yeni mərhələ üçün seçilmiş 95 şagirdin iştirakı ilə davam edir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki  tələbatı qarşılamağa kömək etmək üçün nəzərdə tutulub. Layihə müddəti ərzində proqramda ümumilikdə 108-dək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Bunlardan 78 iştirakçıdan ibarət dörd qrupun təlimləri artıq başa çatıb. Bu yaxınlarda isə 42 iştirakçıdan ibarət  iki yeni qrupun təlimləri başlayıb.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üçillik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılmışdır. Bundan əlavə, Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzinin daha geniş inkişaf etdirilməsi nəzərdə tutulur. Hazırda proqram birinci və ikinci tədris qrupunda təxminən 40 tələbənin iştirakı ilə uğurla davam edir.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 13-17 yaş arası məktəblilərin faydalandığı karyera planlaması, maliyyə biliyi və sahibkarlıq sahəsində distant təhsilə yönəlmiş sosial investisiya təşəbbüsünü dəstəkləmiş və uğurla başa çatdırmışdır. Layihə çərçivəsində sahibkarlığa dair 10, maliyyə biliyi üzrə doqquz, karyera planlaması mövzularında isə iki video dərs hazırlanmış və onlayn və ictimai telekanallar vasitəsilə ictimaiyyətə təqdim olunmuşdur.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) ABB ilə birlikdə 200 Azərbaycan vətəndaşının informasiya texnologiyaları üzrə ixtisas artımı təlimlərini maliyyələşdirərək “ABB Tech Akademiyası” layihəsinə dəstək verir. Layihə ölkənin əmək bazarında yüksək peşəkarlığa malik informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsi məqsədini daşıyır. İndiyədək bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə 43 nəfər mütəxəssis “ABB Tech Akademiyası”-nı bitirib və daha 20 nəfər təlimlərə yeni qoşulub. Hazırda proqram çərçivəsində 2022-ci ilin birinci rübündə başlamış 17 nəfərdən ibarət iki yeni qrupun təlimi davam edir.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ingilis dili müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini təkmilləşdirməyi nəzərdə tutan sosial layihəni dəstəkləyir. Layihədən 3000-dən çox tələbə və müəllimin faydalanacağı gözlənilir. 2021-ci ildə ümumilikdə 74 nəfər müəllim ingilis dili təlimlərini uğurla bitirib. Hazırda proqram çərçivəsində mentorluq sessiyaları davam edir.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Samux, Goranboy və Şəmkir rayonlarından seçilmiş 30 gənc üçün biznes inkubasiya modelini tətbiq etməklə kənd yerlərində gənc sahibkarlara dəstək məqsədli sosial layihə həyata keçirir. Bu layihə çərçivəsində iştirakçılara öz bizneslərinə  başlamalarına dəstək olmaq üçün təlimlərin keçilməsi və avadanlıqlar təmin olunması nəzərdə tutulur. Hal-hazırda layihə iştirakçılarının lazımi avadanlıq və cihazlarla təmin olunması istiqamətində işlər davam edir.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) autizm üzrə yerli mütəxəssislər üçün qabaqcıl beynəlxalq təcrübələrə çıxış imkanı yaratmaqla onlara dəstək verməyi nəzərdə tutan layihə həyata keçirir. Layihə çərçivəsində beynəlxalq miqyasda təsdiqlənmiş təlim proqramlarından istifadə etməklə 60 yerli mütəxəssisin ixtisas artımına dəstək, beynəlxalq təlim və tədris materiallarının tərcüməsi, habelə ictimai maarifləndirmə fəaliyyətləri nəzərdə tutulur. Bundan əlavə, bir qrup autizmli şəxsin öz fərdi inkişaf və biznes planlarını hazırlamasına və bununla da onların məşğulluq imkanlarının artırılmasına dəstək veriləcək. 
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) qonşu icmalardakı 5 məktəbi təhlükəsiz istilik sistemi sayılan pellet sobaları ilə təmin etmək məqsədi daşıyan sosial sərmayə layihəsi həyata keçirir. 2022-ci ilin birinci rübündə 5 məktəbin hər birində yeni istilik sisteminin quraşdırılması işləri başa çatıb.
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı və Gəncədə təlim və təcrübə vasitəsilə yerli işçi qüvvəsinin maliyyə biliklərini artırmaq məqsədli yeni sosial layihəyə başlayıb. 30-u Bakıdan və 30-u isə Gəncədən olmaqla, layihənin ümumilikdə 60 nəfər iştirakçısı maliyyə, mühasibat uçotu və vergilər üzrə təlim keçəcək, daha sonra isə onlara praktiki təcrübə imkanları yaradılacaq. Layihə çərçivəsində dövlət və özəl müəssisələrin işəgötürənləri ilə əmək yarmarkasının keçirilməsi də nəzərdə tutulur. 
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon tullantılarının kompensasiya olunmasına yönəlmiş ikiillik ətraf mühit layihəsinə dəstək verir. Layihə çərçivəsində Şəmkir və Samux rayonlarında 250 000 yeni ağac əkiləcək və bundan əvvəl əkilmiş 110 000 ağaca qulluq göstəriləcək. Bundan başqa, Qobustan rayonunda seçilmiş ərazinin 1 hektarında suya qənaət edən avadanlıq və çoxqatlı əkin texnologiyası ilə innovativ ağacəkmə sistemi tətbiq ediləcək. 2022-ci ilin birinci rübündə Samux rayonunda 50 min ağacın əkininə başlanmış, Şəmkir və Qobustan rayonlarında 200 min ağacın əkilməsi üçün torpaq hazırlığı davam etdirilmişdir.
  • bp (Azərbaycanda bp-nin operatoru olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz və Ağstafa rayonlarında Vətən Müharibəsində zərər çəkmiş ailələrə dəstək məqsədli sosial layihəyə başlayıb. Layihə çərçivəsində benefisiarlara sosial və psixoloji reabilitasiya və hüquq xidmətləri üzrə dəstək verilir, həmçinin iki şəbəkələşmə düşərgəsində iştirak etmək imkanı yaradılır. 
  • bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) dörd orta məktəbdə (ikisi Bakıda və ikisi Sumqayıtda olmaqla) inklüziv təhsilə dəstək məqsədli sosial layihəyə başlayıb. Layihə məktəblərdə xüsusi tədris otaqları yaratmaqla və bu otaqları zəruri inventar, mebel və texnologiya ilə təchiz etməklə, habelə tədris prosesini təkmilləşdirmək üçün tədris heyətinə həmin texnologiyanın istifadəsi ilə bağlı təlim keçməklə inklüziv təhsilin gücləndirilməsinə töhfə verəcək. Layihə həmçinin inklüziv təhsil barədə sosial məlumatlılığı artırmaqla məktəb ictimaiyyətində davranış dəyişikliyinə də dəstək verəcək. Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilir.Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2021-ci il ərzində 1,5 milyon dollardan çox vəsait xərcləmişdir.


Bu layihələrdən bəziləri aşağıdakılardır:

  • bp şirkəti startap və innovasiya, korporativ maliyyə, marketinq, sosial tədqiqat, beynəlxalq münasibətlər, iqtisadi siyasət, menecment iqtisadiyyatı, biznes və iqtisadiyyat üçün statistika, ekonometrika, psixologiya və informasiya təhlükəsizliyi barədə 14 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləmişdir. Layihənin 15-dən çox yerli universitetdə 16 ixtisas üzrə tədris keyfiyyətinin artırılmasına töhfə verəcəyi gözlənilir.
  • bp şirkəti Azərbaycan Dövlət Pedaqoji Universitetində 11,000 tələbə və müəllim heyətinin faydalanacağı geniş biliklərə çıxış və başqaları ilə məlumat bölüşmək imkanları təmin edəcək rəqəmsal kitabxananın yaradılmasına dəstək verir.
  • bp şirkəti Memarlıq və İnşaat Universitetinin elmi-tədqiqat və tədris imkanlarını artırmaq məqsədilə həmin universitetdə elektronika və elektrik mühəndisliyi, enerji səmərəliliyi və bərpa olunan enerji laboratoriyalarının yaradılmasına dəstək verir.
  • bp şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 10 000-dən çox tələbə və 800 nəfərlik müəllim heyətinin nəşriyyat ehtiyaclarını təmin etmək üçün həmin universitetdə poliqrafiya və nəşriyyat mərkəzinin yaradılmasına dəstək göstərir.
  • bp şirkəti ölkənin startap icmasının Avropadakı təcrübə və maliyyələşdirmə imkanlarına çıxışını təmin etmək məqsədilə yeni layihəyə sponsorluq edir. Layihə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Macarıstanın ixracın təşviqi üzrə dövlət agentliyi ilə əməkdaşlıqda həyata keçirilir. Layihəyə 20-dək yerli startapçını Macarıstan, Almaniya və Birləşmiş Krallığı əsas götürməklə Avropanın innovasiya ekosistemi ilə tanış etmək üçün nəzərdə tutulmuş bir sıra təlim fəaliyyətləri daxildir.
  • bp şirkəti Azərbaycanın və dünyanın poeziya nəhənglərindən biri olan Nizami Gəncəvi haqqında Azərbaycanın tanınmış elm, siyasi və ictimai xadimlərinin indiyədək araşdırılmamış fikir və məqalələrinin toplanması və təbliği məqsədli bir kitabın hazırlanmasını və nəşrinı dəstəkləyib. Kitab Prezident İlham Əliyevin dahi Nizaminin anadan olmasının 880 illiyi münasibətilə elan etdiyi “Nizami Gəncəvi İli”-nə bp-nin hədiyyəsidir. 
  • bp şirkəti “Enactus Network Leadership Summit 2022” tədbirini dəstəkləyib. Sammitə Enactus platformasına üzv olan 25 ölkədən 60-dan çox iştirakçı qatılıb.
  • bp xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunmuş “Fərqli Fərdlər” konqresini dəstəkləyir. Bu, xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həllinə kömək etmək, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və onlar üçün davamlı imkanlar yaratmaq məqsədi daşıyan təşəbbüsdür.
  • bp şirkəti 2020-ci ildən “Yüksəl” gənclər layihəsini dəstəkləyir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihə gəncləri müxtəlif sahələrdə uğur və nailiyyətlər əldə etməyə həvəsləndirmək məqsədi daşıyır.
  • bp şirkəti qurama sənətinə dair tədqiqat materialının nəşri, həmçinin nəşrin rus dilindən Azərbaycan və ingilis dillərinə tərcümə olunması təşəbbüsünə dəstək verir.
  • bp şirkəti Bakı Dövlət Universitetində 15 000 tələbə və professor-müəllim heyətinin faydalanacağı rəqəmsal kitabxananın açılışına sponsorluq edir. 
  • bp şirkəti səkkiz universitetdə inzibati heyətin, tələbələrin və müəllimlərin təlimi, kurrikulumun və tədris materiallarının hazırlanması vasitəsilə layihələrin idarə edilməsi imkanlarının artırılması layihəsini dəstəkləyir.

Əlavə məlumat üçün

bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895