1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2023-cü ilin birinci rübünün yekunları

2023-cü ilin birinci rübünün yekunları

Tarix:
4 may 2023-cü il
Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.


2023-cü ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 372 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.


Rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınmış və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılmışdır. Qurğu bütün istismar sınaqları bitdikdən sonra 16 mart tarixində dənizə yola salındı və artıq platformanın üst modullarını qəbul etməyə hazırdır.


Dayaq blokunun sualtı konstruksiyalarının və qovşaqlarının quraşdırılması işləri hazırda 94% tamamlanıb.
ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu işlərin 2023-cü ilin ikinci rübündə başa çatacağı gözlənilir.


Bütün istismar sınaqları bitdikdən sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsində artıq öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq.


Birinci rübdə həmçinin sualtı izolyasiya konstruksiyası işə salınmışdır və boruların üst modullarda izolyasiyası işləri tamamlanmışdır. Dalğıc gəmisi mövcüd 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırmış, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsinə başlamışdır.


Mərkəzi Azəri platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə dəniz tikinti işlərinə başlanmışdır.


Rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 86% tamamlanmışdı.

 

Hasilat

 

2023-cü ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (24 100), Mərkəzi Azəri (100 000), Qərbi Azəri (93 300), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (69 400) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 386 000 barel və ya ümumilikdə təxminən 35 milyon barel, yəni 5 milyon ton olub.


Rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilat quyusu, 42 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

Birinci rüb ərzində AÇG-də 2 neft hasilatı və 2 su injektor quyusu tamamlanmışdır. 

 

Səmt qazı

 

2023-cü ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə 0,6 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

Birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.


Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir. 


Rüb ərzində terminal təxminən 56 milyon bareldən çox neft və kondensat, o cümlədən 55 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir. 

 
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.


Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 73 milyon standart kubmetr (təxminən 2 milyard 583 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir. 

 

Birinci rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 34 milyon dollar, əsaslı xərclərə isə 10 milyon dollar vəsait xərclənmişdir. 


1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 539 milyon tondan çox (4 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5314 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması  əlamətdar bir  uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilmişdir.


Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 53 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənmiş və yola salınmışdır.


Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).

 

Bu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 678 milyon dollar əməliyyat xərcləri və təxminən 194 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

 

Hasilat

 

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir. 

 

İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilmişdir. 


Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə təqribən 27 milyard) standart kubmetrdir. 

 

Şahdəniz 2 layihəsi

 

2023-cü ilin birinci rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləmişdir. 


Quraşdırma və sınaq işləri həm sualtı, həm də Şahdəniz Bravo platformasında üst modullarda davam etmişdir. Layihə çərçivəsində qərb-cənub və şərq-şimal cinahlarında İstiqlal qazma qurğusunun gəlməsindən əvvəl yeni sualtı fontan armaturalarının quraşdırılması tamamlanmışdır və şərq-şimal cinahının hasilat axın xətlərinin sınaq işləri başlanmışdır.

 

Qazma əməliyyatları

 

Birinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.


Şahdəniz 2 layihəsi çərçivəsində quyuların tamamlama işləri İstiqlal qazma qurğusu vasitəsilə davam edir.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%)..

 

İlin birinci rübündə CQBK-nin əməliyyat xərcləri təqribən 20 milyon dollar, əsaslı xərclər isə 2 milyon dollardan çox olub.


CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.


Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,6 milyon kubmetr olmuşdur.

Geoloji kəşfiyyat

2023-cü ilin birinci rübündə biz iki yeni kəşfiyyat quyusu qazmağa başladıq:

  • Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş çərçivəsində Şahdəniz müqavilə sahəsində yeni bir kəşfiyyat quyusu (SDX-8). Quyunun qazılmasına 20 yanvar 2023-cü il tarixində başlanıb və o, Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Quyu Şahdəniz yatağının şərq cinahında yerləşir və yatağın hazırda istismarda olan məhsuldar laylarının altındakı daha dərin horizontları qiymətləndirmək məqsədilə qazılır.
  • Azəri-Çıraq-Günəşli strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusu (A22z). Bu quyunun qazılmasına 7 fevral 2023-cü il tarixində başlanıb və o, Çıraq platformasından mövcud A22 injektor quyusundan yan lülə şəklində qazılır. Quyu AÇG strukturunun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq. Əgər uğurlu olarsa, quyudan əldə olunacaq məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək.

Birinci rübdə biz həmçinin Şəfəq-Asiman dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusundan, yəni SAX01 quyusundan əldə edilmiş məlumatların təhlilinin nəticələrinin interpretasiyasını davam etdirmişik. Bu interpretasiya karbohidrogen ehtiyatlarını dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçündür.

İşçi heyətimiz

Birinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2307 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 


2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 


bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək. 

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.


2023-cü ilin birinci rübü ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 0,7 milyon dollardan artıq vəsait xərcləmişlər. Rüb ərzində bu layihələrə 7 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 2 təşəbbüs daxil olub.


Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə rüb ərzində təxminən 0,1 milyon dollar vəsait xərcləyib. Bu layihələr təhsilə (5 layihə), bacarıqların yaradılmasına və sahibkarlığın inkişafına (1 layihə), ətraf mühitin qorunmasına (1 layihə) və mədəni irsin və milli idmanın inkişafına (1 layihə) dəstək məqsədi daşıyan təşəbbüslər olub. Həmçinin, rüb ərzində bp ümumilikdə 4 konfrans, sərgi, forum və simpoziuma sponsorluq edib.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

Əlavə məlumat üçün

bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895