1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. ACE platformasının dayaq bloku hazırdır

ACE platformasının dayaq bloku hazırdır

Tarix:
28 noyabr 2022-ci il

Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi bp məmnuniyyətlə bildirir ki, “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş Azəri Mərkəzi Şərqi (ACE) platformasının dayaq bloku Xəzər dənizində AÇG müqavilə sahəsindəki daimi yerinə yola salınmaq üçün barjaya yüklənməyə hazırdır.


Bu gün BDÖZ sahəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən dayaq blokunun dənizə yola salınması prosesinə start verildi.


Dayaq blokunun tikintisi təhlükəsiz və qrafikə uyğun şəkildə tamamlanıb. Qurğu dənizə yola salınmaq üçün BDÖZ yanalma körpüsündə STB-1 daşıma barjasına yüklənəcək və 2023-cü ilin birinci rübündə dənizə yola salınacaq. 


“BOS Shelf” tərəfindən inşa edilmiş dayaq bloku yerli tikinti infrastrukturundan və obyektlərindən istifadə edilməklə tam şəkildə ölkə daxilində quraşdırılıb. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə 2000 nəfərdən çox insan cəlb olunub və işçi qüvvəsinin əksəriyyəti Azərbaycan vətəndaşları olub.

 

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz:

 

“ACE layihəsi AÇG üzrə yenilənmiş müqavilənin əməldə başlandığını əks etdirir. Layihənin ilk böyük hissəsini – ACE platformasının dayaq blokunu təhlükəsiz və qrafikə uyğun tamamlamaqdan məmnunuq. Bu, ACE layihəsindən ilk neftin əldə edilməsinə doğru atılmış mühüm bir addımdır. İndi biz diqqətimizi layihənin digər hissələrinə - üst tikililərə, sualtı tikinti işlərinə və dənizdə quraşdırma fəaliyyətlərinə yönəldəcəyik ki, gələn il layihənin bütöv tamamlanmasına nail olaq və ACE layihəsindən hasilatın başlanması üçün ilk quyunu qazmağa başlayaq. 


Bu mühüm mərhələnin həyata keçirilməsində göstərdikləri dəstəyə və əməkdaşlığa görə Azərbaycan Hökumətinə, SOCAR-a və bütün tərəfdaşlarımıza təşəkkür edirik.  Həmçinin bu nailiyyətin gerçəkləşməsində zəhməti olan hər kəsə - bp-nin, podratçı və subpodratçı təşkilatların əməkdaşlarına təşəkkür edirəm. Xüsusilə də, üçillik tikinti fəaliyyətləri ərzində bp-nin texniki təhlükəsizlik standartlarına tam əməl edərək itirilmiş iş gününə səbəb ola biləcək heç bir hadisəyə yol vermədən 3 milyon saat işi təhlükəsiz yerinə yetirmiş “BOS Shelf” şirkətinə minnətdarlığımı bildirmək istəyirəm”.

 

ACE platformasının dayaq blokunun çəkisi 16000 ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı və biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç hasilat dik borusu daxildir. Dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılacaq.

 

Redaktorlar üçün qeydlər

 

  • 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. 
  • ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud Mərkəzi Azəri və Şərqi Azəri platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə həmçinin yeni yataqdaxili sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq. 
  • Bundan əlavə, laya vurulan suları Mərkəzi Azəri kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və Şərqi Azəri platformaları arasında suvurma boru xətti olacaq.
  • ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır.
  • Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. İdarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.
  • Ümumi layihənin tikinti fəaliyyətləri 2019-cu ildə başlanıb və iş həcminin 80%-i artıq tamamlanıb. Layihədə heç bir xəsarətə yol vermədən 20 milyon saatdan çox iş yerinə yetirilməklə möhtəşəm texniki təhlükəsizlik göstəricisi əldə edilib.
  • Bu vaxtadək Azərbaycanda ACE layihəsinin tikinti işlərinə 8500 nəfərdən çox insan cəlb edilib.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95