1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. İnklüziv cəmiyyətin inkişafına töhfə

İnklüziv cəmiyyətin inkişafına töhfə

Tarix:
14 mart 2023-cü il
  • Əlilliyi olan şəxslərin cəmiyyətə səmərəli inteqrasiyası üçün imkanların yaradılması;
  • İnklüziv cəmiyyət üzrə qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycana gətirilməsi;
  • Təhsil müəssisələrinin potensialının artırılmasına davamlı dəstək

 

Bu gün bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından üç sosial sərmayə layihəsinin tamamlanmasını və inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən iki yeni sosial təşəbbüsün başlanmasını elan edib. Layihələrin əsas məqsədi ən qabaqcıl təcrübələri formalaşdırmağa və əlilliyi olan şəxslərin sosial inteqrasiyası üçün ən yaxşı həll yollarını müəyyənləşdirməyə kömək etməkdir.

 

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:

 

“Tərəfdaşlarımızla birlikdə sosial sərmayə layihələrimiz vasitəsilə inklüziv cəmiyyətin prinsiplərini təbliğ edərək əlilliyi olan insanların inteqrasiya imkanlarını fəal şəkildə təşviq etmək niyyətindəyik. Uğurla başa vurduğumuz üç layihənin və bu gün elan etdiyimiz yeni layihələrin ortaq bir məqsədi var – münasibətlərdə, dəyərlərdə və düşüncələrdə heç bir sosial təcridə yol verməyən bir cəmiyyətin formalaşmasına yardım etmək. Ən əsası isə, biz ümid edirik ki, iki yeni layihəmiz vasitəsilə bu sosial dəyişikliyin miqyasının və əhatə dairəsinin genişlənməsinə və kənd icmalarında inklüziv təhsil barədə məlumatlılığın artmasına kömək edəcəyik. İnanırıq ki, inklüziv cəmiyyətin təşviqinə töhfə verməklə biz ölkənin davamlı inkişafına dəstək vermiş oluruq. Bu inkişaf prosesində isə hər kəsin iştirakı və özünü dəyərli hiss etməsi vacibdir.”

 

Tamamlanmış ilk layihə autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası üzrə ixtisaslaşan müxtəlif kateqoriyadan olan insanların - terapevtlər, nevroloqlar, uşaq psixiatrları, pediatrlar, qulluq edən şəxslər, peşə mütəxəssisləri, çoxsaylı yerli universitetlərdən seçilmiş tələbə könüllülər, müalicəvi idman mütəxəssisləri və s. kimi aidiyyətli şəxslərin bacarıqlarını artırmaq və biliklərini təkmilləşdirmək məqsədi daşıyırdı. Layihə Bakıdan seçilmiş 60-a yaxın mütəxəssisə ən qabaqcıl beynəlxalq nəzəriyyələri, təcrübələri və bilikləri öyrənmək, həmçinin cari tendensiyaları mənimsəmək imkanı verib. Layihənin əhatə dairəsinə beynəlxalq səviyyədə təsdiq edilmiş təlim proqramlarından istifadə etməklə milli təlimçilərin hazırlanması da daxil olub.

 

Layihənin müddəti 20 ay, ümumi dəyəri isə təxminən 415 000 AZN ($244 118) təşkil edib. Layihə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən yerinə yetirilib.

 

Layihənin uğuruna əsaslanaraq, onun əhatə dairəsini genişləndirməklə kənd icmalarında da autizm mütəxəssislərinin bacarıqlarının artırılmasına dəstək vermək qərarına gəldik.

 

Yeni layihə Gəncə, Daşkəsən, Tovuz, Ağstafa, Goranboy, Samux və Şəmkir rayonlarını əhatə edəcək. Layihəyə autizm və müalicəvi idman mütəxəssisləri, könüllülər və autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası ilə məşğul olan digər qruplar üçün xüsusi təlimlər daxildir. Gəncədə mərkəzləşəcək təlimlər beynəlxalq standartlara və təcrübələrə əsaslanan proqramlardan istifadə etməklə xarici və yerli ekspertlər tərəfindən aparılacaq.

 

Layihənin müddəti bir il və dəyəri təxminən 98 000 AZN ($57 647) təşkil edir. Bu layihə də eyni təşkilat - “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən həyata keçiriləcək.

 

Tamamlanmış ikinci layihə əlilliyi olan uşaqların geniş cəmiyyətə inteqrasiyasının bir hissəsi olaraq idman və bədən tərbiyəsi ilə məşğul olması üçün imkanların yaradılmasına yönəlmişdi. Layihə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında inklüziv təhsilin effektiv forması olan hibrid (onlayn və oflayn) təhsil modelinin istifadəsini təşviq etmək üçün nəzərdə tutulmuşdu. Layihə həmçinin əlilliyi olan uşaqların abilitasiyası, reabilitasiyası və sosial inteqrasiyası sahəsində qabaqcıl beynəlxalq təcrübələri təşviq etmək məqsədi daşıyırdı. İxtisaslaşdırılmış inklüziv təhsilə səmərəli keçidi təmin etmək məqsədilə layihə çərçivəsində həmçinin Akademiyanın bir qrup müəllim və tələbəsi üçün xüsusi təlimlərin keçilməsi və eləcə də adaptiv bədən tərbiyəsi və idmanı əhatə etmək üçün Akademiyanın tədris proqramına dəyişiklik edilməsi də daxil idi.

 

Layihənin müddəti 13 ay və dəyəri təxminən 77 100 AZN ($45 353) təşkil edib. Bu layihə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən həyata keçirilib.

 

Tamamlanmış üçüncü layihə isə məktəblərdə inklüziv təhsilin gücləndirilməsinə yönəlmişdi. Layihə ümumtəhsil məktəblərində inklüziv təhsil mühiti yaratmaq və əlilliyi olan uşaqların sosial inteqrasiyası ilə bağlı davranış dəyişikliyini təbliğ etməklə inklüziv təhsil mədəniyyətinin təşviq olunması üçün nəzərdə tutulmuşdu. Layihə Elm və Təhsil Nazirliyi tərəfindən seçilmiş dörd pilot məktəbi – Bakı şəhərinin 202 və 246 saylı məktəblərini, həmçinin Sumqayıt şəhərinin 4 və 21 saylı məktəblərini əhatə edib.

 

Layihə çərçivəsində əlilliyi olan uşaqların öyrənmə və inteqrasiya səylərinə kömək məqsədilə qrup şəklində və fərdi qaydada xidmətlər göstərmək üçün seçilmiş məktəblərin hər birində xüsusi sinif otağı yaradılıb. Bu sinif otaqları əlilliyi olan uşaqların fərdi təhsil ehtiyaclarına cavab verən praktiki tədris və köməkçi texnologiyalar, xüsusi qurğular və mebellər, həmçinin proqram təminatı və audio-vizual vəsaitlərlə təchiz olunub.

 

Bundan əlavə, layihə çərçivəsində pedaqoji heyətdən seçilmiş qruplara – ümumilikdə təxminən 50 müəllimə, yeni avadanlıq və texnologiyadan səmərəli istifadəni, həmçinin öz məktəblərində ümumi inklüziv mühitin və mədəniyyətin qorunub saxlanılmasını təmin etmək üçün təlimlər keçilib.

 

Bu səkkiz aylıq layihənin ümumi dəyəri təxminən 260 000 AZN ($152 941) təşkil edib. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən yerinə yetirilib.

 

Bu uğura əsaslanaraq, layihənin daha geniş miqyasda davam etdirilməsi qərara alınıb. 2-ci mərhələdə Bakı, Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz, Qəbələ və Ağcabədi də daxil olmaqla ölkənin müxtəlif yerlərindən seçilmiş 24 məktəb əhatə olunacaq. Layihə xüsusi hazırlanmış təlim proqramı vasitəsilə 250-yə yaxın məktəb müəlliminin inklüziv təhsil sahəsində nəzəri biliklərini və praktiki bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır.

 

Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcək bu yeni layihə müasir inklüziv təhsil siyasətini güclü şəkildə dəstəkləyir və Azərbaycanın təhsil sisteminin tərkib hissəsi kimi inklüziv təhsilin strateji inkişafını təşviq edir.

 

Bir il davam edəcək bu layihənin dəyəri 104 000 AZN-dən ($61 176) çoxdur. Layihənin icrası eyni təşkilat - Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçiriləcək.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.


Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 107 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2380 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95